Peyk görüntüləri işğal altındakı Sevastopoldakı Rusiya qoşunlarının Ukraynada oğurlanmış taxılları Rusiya gəmilərinə necə yüklədiyini qeydə alıb.
Bizimyol.info xarici mətbiuata istinadla xəbər verir ki, iddiaya aid fotoları CNN dərc edib. Fotoşəkillərdə “Matros Poziniç” və “Matros Koşka” gəmiləri taxıl silosuna bənzəyən obyektin yanında dayanıb. Taxıl xüsusi yolla gəmilərin açıq anbarlarına tökülür.
Gəmiləri izləyən MarineTraffic.com saytının məlumatına görə, hər iki gəmi limanı tərk edib. “Matros Poziniç” Egey dənizində üzərək Livanın paytaxtı Beyruta gedir, “Matros Koşka” isə hələ də Qara dənizdədir.
Rusiya Ukraynadan oğurladığı taxılı gəmiyə yükləyir
CNN qeyd edir ki, gəmilərə yüklənən taxılın dəqiq mənşəyi məlum deyil. Lakin işğal olunmuş Krım kənd təsərrüfatı baxımından zəngin Xerson və Zaporojye rayonlarından fərqli olaraq, az taxıl istehsal edir Ukrayna rəsmiləri və sənaye mənbələrindən CNN-ə bildirilib ki, işğal olunmuş ərazilərdəki Rusiya qoşunları bir neçə taxıl silosunu talayıb və taxılı cənuba daşıyıb.
Bu ayın əvvəli "Matros Poziniç" Qara dənizdən Aralıq dənizinə taxıl daşıyırdı. Əvvəlcə o, yükü ilə Misirə üz tutsa da, Ukrayna rəsmilərinin xəbərdarlığından sonra İsgəndəriyyədən geri qaytarılıb. Gəminin Beyruta girişi də qadağan edilib. Sonda Rusiyanın illərdir Bəşər Əsəd rejimini dəstəklədiyi Suriyanın Latakiya limanına yanaşıb.
Bir müddət əvvəl Ukraynanın xalq deputatı Aleksey Qonçarenko işğal olunmuş ərazilərdən Ukrayna taxılını Krıma daşıyan yük maşınlarının karvanının görüntülərini yayıb. Qonçarenko qeyd edib ki, "videoda Rusiyanın "Z” işarəsi olan Ukrayna taxılı ilə yüklənmiş yük maşınları kolonu Krıma doğru hərəkət edir. Rusiya işğalçıları qənimətləri belə çıxarırlar”.
İlahin, Bizimyol.info