• Şikayət et

PUTİNİN XEYRİNƏ, RUSİYANIN ZİYANINA – NATO-nun Rusiyanı bir nömrəli təhlükə elan etməsi hansı nəticələr doğuracaq?

“Müharibə nə qədər davam etsə də, NATO Ukraynanın yanında olacaq. Finlandiya və İsveçin də üzvlüyə daxil olması qapılarımızın açıq olduğunu göstərir”.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq Madriddə keçirilən NATO sammiti çərçivəsində təşkil etdiyi mətbuat konfransında bildirib.

Bununla yanaşı, müttəfiqlərin yeni Strateji Konsepsiya sənədini qəbul etdiklərini bildirən Stoltenberqin açıqlamalarında ən maraqlı məqam odur ki, Rusiya NATO üzvlərinin sülh və təhlükəsizliyinə "ən ciddi və birbaşa təhlükə" elan edilib. Bu barədə sammitin yekunlarına dair bəyanatda deyilir. Bununla Rusiya uzun illər NATO-nun əsas rəqib hesab etdiyi Çini əvəzləmiş olub. Beləliklə də nə iqtisadiyyatı, nə texnologiyaları, nə də digər inkişaf parametrləri baxımından Çinə yaxın belə düşə bilməyən Rusiya NATO ilə düşmənçilik nominasiyasında Çini üstələyə bilib...

Sözügedən sənəddə Moskvanın strateji tərəfdaşdan təhlükəyə çevrildiyi vurğulanır. Bəli, doğrudan da Rusiya 2010-cu il Strateji Konsepsiyasında NATO-nun strateji tərəfdaşı elan olunmuşdu. Putinin bu alyansa qarşı apardığı “dahiyanə mübarizə” sayəsində isə bu gün Rusiya NATO-nun bir nömrəli hədəfinə çevrilib. İsveç və Finlandiyanın tezliklə alyansa qəbul olunması perspektivi isə o deməkdir ki, Putinin Rusiyadan uzaqlaşdırmağa çalışdığı NATO artıq onun böyüyüb boya-başa çatdığı, karyera qurduğu Sankt-Peterburqun astanasında olacaq. Hansı ki, Ukrayna işğalı başlayan ilk günlərdə Putinlə birbaşa münasibətləri olan məşhur rusiyalı ziyalı, kinorejissor Aleksandr Sokurov xəbərdarlıq etmişdi ki, bu müharibə təkcə Ukraynanın yox, həm də Rusiyanın təhlükəsizliyi üçün böyük təhdiddir. Bu gün məhz Ukraynadakı işğalçı, heç bir beynəlxalq hüquq və normalara uyğun gəlməyən savaş səbəbindən Finlandiya və İsveçin NATO-ya daxil olması, bununla da dünyanın ən güclü hərbi alyansının paytaxt Moskva və Sankt-Peterburqun həndəvərlərinə qədər gəlib çıxması, həmçinin NATO-nun Avropada varlığını gücləndirməsi artıq Rusiya üçün ciddi təhlükə mənbəyidir. Hansı ki, müharibədən öncə bu barədə söhbət belə getmirdi...

İndi isə sual yaranır – Rusiya Ukraynaya qarşı işğala başlamaqla öz təhlükəsizliyinə xeyir, yoxsa ziyan vurmuş oldu? Bu müharibə bir daha göstərdi ki, Rusiyanın maraqları ilə Putinin maraqları bir çox məsələlərdə bir-birilə ziddiyyət təşkil edir. Belə ki, məsələn, NATO-nun Rusiyanı bir nömrəli təhlükə elan etməsi dövlət olaraq Rusiyanın maraqlarına ziddir, Putininsə maraqlarına tam uyğundur. Çünki bununla da Kreml əvvəldən bəyan etdiyi “biz Ukrayna ilə deyil, NATO ilə savaşırıq” kimi çürük tezisi Rusiya cəmiyyətinə daha asanlıqla sırıya biləcək. Zatən məlum təbliğat vasitələri sayəsində böyük hissəsi şovinizm və imperializm iddiaları ilə manqurtlaşmış Rusiya əhalisi artıq Putinin haqlı olduğuna daha “səmimi qəlbdən” inanacaq. Bu isə Putinin savaşa başlamaqda güddüyü əsas məqsədlərdən birinin - hakimiyyəti sona qədər qoruyub saxlamaq məqsədinin reallaşmasına xidmət edir. Əsas odur ki, Kreml sahibinin, “I Pyotrun davamçısı”nın reytinqi yüksək olsun, rus xalqı ondan başqa Çar tanımasın və həyatının sonuna qədər ona sadiq olsun. NATO-nun Moskvanın qulağının dibinə yerləşməsi, Ukraynada on minlərlə rus əsgərinin həlak və şikəst olması, iqtisadiyyatın çökməsi, Rusiya gənclərinin gələcəyinin sual altına alınması, ölkəninj sivil dünyadan təcrid olunması, ən barbar, vəhşi və qanun tanımaz bir ölkə imici qazanması və s. isə o qədər də əhəmiyyətli deyil...

NATO-nun son sammiti həm də onu göstərdi ki, Putinin Fransa, Almaniya, İtaliya kimi dövlətlərin başçılarına olan təsiri vasitəsilə Qərbi parçalamaq cəhdləri tam fiaskoya uğradı. Nə Makron, nə Şolts, nə də digərləri Ukraynanı Rusiyanın qarşısından qaçmağa, ərazi güzəştinə getməyə və Putinlə razılaşmağa məcbur edə bilmədi. Əksinə, Ukraynaya sona qədər, nə qədər lazımdırsa, o qədər dəstək göstəriləcəyi elan edildi. Bir çox ekspertlər Rusiya ordusunun son günlər daha da azğınlaşaraq dinc şəhərlərə, ticarət mərkəzlərinə raket zərbələri endirməsini də məhz bununla əlaqələndirirlər. Qeyd olunur ki, cəbhədə və Avropa ölkələrinə təzyiq məsələsində böyük uğur qazana bilməyən Putin heyfini bu raket zərbələrilə dinc əhaliyə qarşı açıq terror hücumları təşkil etməklə çıxır. O, həmçinin ümid edir ki, Ukrayna xalqı, nəhayət, bu qırğınlardan təngə gəlib, hakimiyyəti təslim olmağa məcbur edəcək...

Yeri gəlmişkən, Fransanın “Le Temps” qəzeti müharibədən 4 gün əvvəl Prezident Emmanuel Makronla Rusiya Prezidenti Vladimir Putin arasında baş vermiş telefon danışığının stenoqramını dərc edib. Həmin stenoqram bir daha Putinin hansı şəxsi mənəvi keyfiyyətlərə malik olduğunu ortaya qoyub. Belə ki, artıq müharibə qərarını vermiş Putin sözügedən telefon danışığında sadəcə, Makronu aldatmaqla məşğul olur. Ən heyrətamiz məqam isə odur ki, dörd gün sonra müharibəyə başlayacağını, orada ən azından on minlərlə insanın qətl ediləcəyini, evlərin, ailələrin dağılacağını, milyonlarla insanın didərgin düşəcəyini dəqiq bilən Kreml sahibi Makrona bir neçə dəqiqədən sonra hokkey oynamağa hazırlaşdığını deyir. Yəni ki, qarşıda hansı insan faciələrinin gözlənildiyini bilə-bilə və bunların məhz onun əl işi olacağını anlaya-anlaya hokkey oynamaq...

Bunun özü Putinin insan həyatına, öz xalqının, eləcə də qonşu xalqların, dövlətlərin taleyinə necə yanaşdığının bariz göstəricisidir...

C.Məmmədov

“AzPolitika.info”

Mənbə:
0
147
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar