İpoteka və Kredit Zəmanət Fondu dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini açıqlayıb.
Fonddan bildirilib ki, zəmanət və subsidiyalar verilmiş kreditin məbləği 302 milyon 383 min manatdır. Kirayəçilərin istifadəsinə 1670 yaşayış sahəsi verilib.
Mövzuya Dövlət Vergi Xidməti aydınlıq gətirib. Xidmətdən bildirilib ki, rezident müəssisənin vergitutma obyekti onun mənfəətidir.
Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə Vergi Məcəlləsinin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.
Yuxarıda qeyd olunan məsələlər Vergi Məcəlləsinin 104-cü maddəsi ilə tənzimlənir.
Cari ilin yanvar-may aylarında “Azexport.az” portalına 215 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayında bildirilir ki, bu ilin mayında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 52,3 milyon dollardır. Mayda “Azexport.az” portalına edilən ixrac sifarişlərinin tərkibində alma şirəsi, nar konsentratı, pomidor, tibbi tənzif, pambıq çiyidi, günəbaxan yağı, qarğıdalı yağı, buğda kəpəyi, toyuq əti, biyan kökü, kərpic (tikinti materialı) və sair məhsullar üstünlük təşkil edib.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvarından bu il mayın 31-dək (65 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,04 milyard dollar olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində idarəetmə bacarıqları və bilik səviyyəsi yüksək olan əməkdaşlar sırasından yuxarı menecer vəzifələri üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə müsabiqə keçirilib. İki mərhələdən ibarət olan müsabiqədə iştirak etmək üçün Dövlət Vergi Xidmətində çalışan 94 nəfər müraciət edib, onlardan 85 namizəd müsabiqədə iştirak edib.
Müsabiqədə iştirakçılara idarəetmə bacarıqlarının, eləcə də vergilər və vergitutmaya dair biliklərin qiymətləndirilməsi üzrə suallar təqdim olunub. 1-ci mərhələnin yekunu olaraq, müsabiqədə iştirak hüququ qazanmış 85 namizəddən 9-u növbəti mərhələyə buraxılıb. 2-ci mərhələdə Dövlət Vergi Xidmətinin rəhbər şəxslərindən ibarət komissiya tərəfindən 9 namizədlə fərdi qaydada müsahibə aparılıb. Namizədlər “Dövlət vergi orqanlarının əsas fəaliyyət istiqamətləri: problemlər, onları doğuran səbəblər və həlli yolları” mövzusunda təqdimatla çıxış ediblər.
Müsabiqədə uğur qazanan əməkdaşların dövlət vergi orqanlarında yuxarı menecer vəzifələri üçün ehtiyat kadrlar bazasına daxil edilməsi, müsabiqənin yekun mərhələsində iştirak etsə də, adları ehtiyat kadrlar bazasına düşməyən şəxslərin isə müvafiq idarəetmə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi planlaşdırılır.
Cari ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 280,6 milyon ABŞ dolları və ya 30,9 faiz artıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayında bildirilir ki, beş ayda meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 219,2 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 8 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49,8 faiz, pambıq iplik ixracı 23,7 faiz, pambıq lifi ixracı isə 14,5 faiz artıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu iyun ayı üzrə valyuta satışı ilə bağlı açıqlama yayıb.
Fonddan bildirilib ki, Fond tərəfindən cari ilin iyun ayı ərzində 278,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Cari ilin yanvar-may aylarında Azərkosmos tərəfindən dünyanın 33 ölkəsinə 10,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayında bildirilir ki, Azərkosmosun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizidir. Mayda isə Azərkosmos dünyanın 31 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Beş ay ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 2,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,2 milyon dollar ilə Fransa, 1,8 milyon dollar ilə Lüksemburq, 1,1 milyon dollar ilə BƏƏ və 0,6 milyon dollar ilə Pakistan qərarlaşıb.
Ölçmə vəhdətinin təmin olunması sahəsində qanunvericiliyin icrasına nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində dövlət metroloji nəzarətinin aparılmasına başlanılıb.
Aparılan nəzarət tədbirləri çərçivəsində tibb müəssisələrində ölçmələrə dair məcburi tələblərə riayət edilməsi yoxlanılacaq. Bununla yanaşı istifadə olunan ölçmə vasitələrinin dövri yoxlamadan keçirilməsi, ölçmə nəticələrinin təhrif olunmasına səbəb ola biləcək icazəsiz sazlanmaların mövcudluğu və ölçmə vasitələrinə müdaxilə edilməsinə dair vəziyyəti araşdırılacaq.
Qanunvericiliyin ictimai münasibətlərin tələblərinə uyğunlaşdırılması və icra mexanizmlərinin effektivliyinin artırılması əlverişli biznes mühitinin formalaşdırılması üçün böyük əhəmiyyət daşıyır. Bu səbəbdən vergi ödəyiciləri və biznes assosiasiyalarının vergi siyasətinin müəyyənləşdirilməsi prosesində iştirakının təmin edilməsi məqsədilə mütəmadi görüşlər keçirilir.
Növbəti belə görüş Dövlət Vergi Xidməti və AMCHAM-ın birgə təşəbbüsü ilə növbəti il üçün Vergi Məcəlləsində gözlənilən dəyişikliklərin əsas istiqamətləri barədə mərhələli məlumatlandırma prosesi ilə bağlı təşkil edilib. AMCHAM-a üzv olan vergi ödəyicilərinin 70-ə yaxın nümayəndəsinin, eləcə də Dövlət Vergi Xidmətinin müvafiq struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən görüşdə Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov təqdimatla çıxış edərək Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri barədə ətraflı məlumat verib.
Görüşdə sahibkarların sualları ətraflı cavablandırılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi Elçin Bəylərov "Uğur yolu" Karyera İnkişaf Proqramının qalibi Şikar İsmayılov ilə mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.
E.Bəylərov “Uğur yolu” Karyera İnkişaf Proqramının bilik və bacarıqları yüksək olan şəxslərin müəyyən edilməsi, yeni nəsil idarəçilərin hazırlanması və kadr potensialının gücləndirilməsində mühüm rolunu vurğulayıb. Daha sonra şəxsi inkişaf təcrübəsi və əldə edilmiş biliklərin səmərəli tətbiqi barədə məlumat verib. Görüşdə idarəçilərdən tələb olunan keyfiyyətlər, təkmilləşmə üçün müasir alətlər, təhliletmə və qərarvermə bacarıqları müzakirə olunub, iştirakçını maraqlandıran suallar cavablandırılıb, növbəti dövr üçün iş planı müəyyən edilib.
Ş.İsmayılov mentorluq proqramı üçün təşəkkürünü bildirib, qazandığı təcrübənin özünün idarəetmə bacarıqlarının inkişafında əhəmiyyətli olduğunu qeyd edib.
Qeyd edək ki, “Uğur yolu” müsabiqəsinin qaliblərinin şəxsi inkişafı məqsədilə tətbiq edilən mentorluq proqramı İqtisadiyyat Nazirliyinin rəhbər şəxsləri ilə 1 il müddətində mütəmadi görüşlərin, müzakirələrin keçirilməsini və birgə işləməyi nəzərdə tutur.
Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş 16.1.4-2-ci maddəsinə əsasən, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
Buna əsasən müəssisənin mikro və ya kiçik sahibkarlıq subyekti hesab olunduğu hallar istisna olmaqla, güllərin yetişdirilməsi fəaliyyəti üzrə istehsal edilən məhsulun vahidinə tələb olunan faktiki istifadə olunmuş xammal və material sərfi normaları barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Kollegiyasının 29 mart 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Məlumat Forması vergi orqanına təqdim olunmalıdır.
Əsas: Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsi
Yevlax Pilot Aqroparkda ilk dəfə olaraq meyvə bağları, ting sahələri salınıb və hazırda calaqaltı işləri görülür. Bu işlərlə yerində tanış olmaq məqsədilə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) aqroparka mediatur təşkil edib. KİV nümayəndələrinə əvvəlcə Yevlax Pilot Aqropark haqqında məlumat verilib. Bildirilib ki, Aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk pilot aqroparkdır. Layihə çərçivəsində aqroparka 70 milyon manatdan çox özəl investisiyanın qoyulması nəzərdə tutulur. Aqroparkda sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət vəsaiti hesabına aqroparkın xarici və daxili infrastruktur sisteminin qurulması, rezidentlərə investisiya təşviqi sənədinin verilməsi və “vahid pəncərə” sisteminin tətbiqi planlaşdırılır. Pilot aqroparkın əkin sahələrində yüksək məhsuldarlığa nail olunması üçün “ağıllı idarəetmə” sistemi tətbiq ediləcək, aqronom və biznes-konsaltinq xidmətləri göstəriləcək. Bununla yanaşı, istehsal olunan məhsulların satış bazarının diversifikasiyası məqsədilə istehsalın beynəlxalq sertifikatlaşdırılmasına dəstək göstəriləcək. Aqroparkda, həmçinin emal müəssisələrinin yaradılması nəzərdə tutulur.
Yevlax Pilot Aqroparkda meyvə qurusu, cem, ət və süd məhsulları, makaron, konservləşdirilmiş məhsullar, meyvə tingləri, toxum (arpa və buğda), heyvan yemləri və gübrə, istixana şəraitində tərəvəz bitkiləri və s. istehsal ediləcək.
Aqroparkın ümumi ərazisi 2855 hektar təşkil edir, bunun da 1147 hektarlıq hissəsini parsellərə bölünmüş sahələr, 1300 hektarını aqroparkda yaradılacaq heyvandarlıq kompleksinin yem təminatı sahəsi, 129 hektarını isə emal və sosial zonalar təşkil edəcək. Artıq Aqropark ərazisinin fermerlərin uzunmüddətli istifadəsinə verilməsinə başlanıb və bu günədək 1 727 hektar ərazi üzrə sahibkarlarla icarə müqavilələri bağlanıb.
Sonra media mənsubları pilot aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC-nin fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, MMC tərəfindən aqroparkda meyvə bağlarının və ting sahələrinin salınmasına başlanıb. Əkin sahəsinin 40 hektarını meyvə bağları, 10 hektarını isə tingçilik təsərrüfatı təşkil edəcək. Artıq 20 hekatarlıq parselin 4 hektarında tezyetişən gilas, 2 hektarında ərik, 6 hektarında nektarin və şaftalı, 1 hektarında isə alça ağacları əkilib. 5 hektar ərazidə isə 500 min tingin yetişdirilməsi üçün 500 min calaqaltı əkilib və tam avtomatik suvarma sistemi quraşdırılıb. “İSFA” MMC-nin aqroparkda yerləşən təsərrüfatında 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.
Ümumilikdə isə, Yevlax Pilot Aqroparkda 500 daimi, 1000-dən çox mövsümü iş yerinin yaradılması nəzərdə tutulur.
SOCAR-ın Müşahidə Şurasının iclasında bərpaolunan enerji istehsalında investisiya strategiyası barədə müzakirələr aparılıb.
Bu sözləri Şuranın sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“SOCAR-ın Müşahidə Şurasının iclasında idarəetmə standartlarının təkmilləşdirilməsi, səmərəliliyinin yüksəldilməsi, Müşahidə Şurasının Koordinasiya Ofisinin fəaliyyətinin qiymətləndirilməsi və bərpaolunan enerji istehsalında investisiya strategiyası barədə müzakirələr apardıq”, - deyə nazir əlavə edib.
Təlimdə DVX-nin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyi idarəsinin rəisi Rəşad Nuriyev, İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə və Hüquqi şəxslərin dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseynzadə iştirakçılara təqdimatlar keçiriblər. Təqdimatlar “Büdcə sistemi, vergi daxilolmalarının büdcə gəlirlərində rolu, vergi qanunvericiliyi və vergi sistemi”, “Əmək münasibətlərinə nəzarət sahəsində vergi inzibatçılığı”, “Hüquqi şəxslərin qeydiyyatı sahəsində islahatlar, vergi ödəyicilərinin hüquq və vəzifələri” mövzularına həsr olunub.
Tədbirdə mövzular ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.
Təlimin sonunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov KİV nümayəndələrinə sertifikatlar təqdim ediblər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib ki, ölkədə ardıcıl şəkildə həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi olaraq, vergi sahəsi üzrə qanunvericilik, vergi inzibatçılığı da inkişaf edib. Bu islahatlar barədə məlumatların cəmiyyətə, o cümlədən sahibkarlıq subyektlərinə düzgün çatdırılmasında medianın əvəzsiz rolu var. Media subyektləri bu prosesdə çevikliyin təmin edilməsinə, aparılmış islahatlarla bağlı ortaya çıxan sualların vaxtında cavablandırılmasına, cəmiyyətdə islahatlarla bağlı düzgün təsəvvürün formalaşmasına dəstək göstəriblər.
Dövlətin media sahəsinə böyük dəstək göstərdiyini söyləyən Xidmətin rəis müavini qanunvericiliyə əsasən çap mediası üçün bir sıra vergi güzəştlərinin tətbiq edildiyini də xatırladıb.
S.Musayeva “Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda təlimin keçirilməsini də çox yüksək qiymətləndirərək əlavə edib ki, DVX media nümayəndələrinin vergi sahəsi üzrə biliklərinin artırılmasında çox maraqlıdır. Xidmət bundan sonra da media subyektləri vasitəsilə islahatların mahiyyətinin cəmiyyətə və sahibkarlara çevik şəkildə çatdırılmasını təmin edəcək.
Cəmiyyətə ismarıcların düzgün çatdırılması üçün belə təlimlərin keçirilməsini vacib sayan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov jurnalistlərin bu cür tədbirlərdən çox faydalandığını söyləyib.
Azərbaycanda media sahəsində uğurlu islahatların aparıldığını deyən Ə.İsmayılov rəhbərlik etdiyi qurumun DVX ilə sıx əməkdaşlıq etdiyini də nəzərə çatdırıb.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:
- kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
- əlvan və qara metal qırıntılarının qəbulu;
- utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
- utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;
- xam dərinin tədarükü (alışı).
Bu hallar “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsi ilə tənzimlənir.
Satışı əlavə dəyər vergisindən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiqlənib.
Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli Qərarının qəbul edilməsi hesabına yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradıldı. Bu hüquqi bazanın yaranması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırıldı.
Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş olur.
Xatırladaq ki, həmçinin 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə də rüsum tətbiq edilmir. Bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir.
Məlumat üçün bildirək ki, yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70 faizə yaxın, mal əti və süd istehsalı üzrə isə 70 faizdən çox təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında İctimai Şura iqtisadi sahədə fəaliyyət göstərən ictimai birliklər və assosiasiyalarla ictimai müzakirələri davam etdirir. Növbəti ictimai müzakirə Azərbaycan Banklar Assosiasiyası ilə keçirilib.
Tədbirdə İctimai Şura və Banklar Assosiasiyası arasında əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı təkliflər səsləndirilib, Şura üzvlərinin sualları cavablandırılıb.
Bu gün “Şahdəniz-2” layihəsi çərçivəsində Türkiyəyə ilk kommersiya qaz həcmlərinin nəqlinə başlanmasından 4 il ötür.
SOCAR-dan bildirilib ki, 2017-2021-ci illər ərzində “Şahdəniz” yatağının ümumi qaz hasilatı 123 faiz, cari ilin ilk 5 ayında isə 26,2 faiz artıb.
Yanvar-may aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 285 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 379,9 milyon ABŞ dollarıdır.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, beş ayda dəniz nəqliyyatı ilə ixrac olunan 24,7 min ton yükün dəyəri 21,5 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 260,3 min tondan çox, dəyəri isə 358,4 milyon dollar olub.
İyunun 30-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
Bankdan bildirilib ki, hərracda tələb 18,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
G7 ölkələri infrastrukturun inkişafını əhatə edən yeni proqrama başlayırlar. Rusiyanın “Kommersant” qəzetinin Ağ Evin mətbuat xidmətinə istinadən yaydığı xəbərdə bildirib ki, G7 ölkələri 2027-ci ilə qədər yoxsul ölkələrin infrastrukturuna 600 milyard dollara qədər sərmayə qoymağı planlaşdırırlar. Proqram Çinin “Bir kəmər, bir yol” proqramı ilə rəqabət aparacaq. “Prezident Bayden və G7-yə daxil olan digər ölkələrin başçıları inkişaf etməkdə olan ölkələrdə infrastruktur boşluqlarını aradan qaldırmaq, qlobal iqtisadiyyatı və təchizat zəncirlərini gücləndirmək və ABŞ-ın milli təhlükəsizlik maraqlarını inkişaf etdirmək üçün qlobal infrastruktur və iİnvestisiya tərəfdaşlığını rəsmən işə salırlar. Bu tərəfdaşlıq çərçiovəsində inqilabi layihələr həyata keçiriləcək”, - Ağ Evin saytında dərc olunmuş memorandumda deyilir. Memoranduma əsasən, ayrılan maliyyələşmə iqlim və enerji təhlükəsizliyi, rəqəmsal rabitə, səhiyyə və tibbi təhlükəsizlik, gender bərabərliyi kimi layihələrə yönəldiləcək. ABŞ-ın qənaətinə görə, bu layihələr iqtisadiyyatın əsas sektorlarını inkişaf etdirəcək.
“Reuters”in şərhində bildirildiyi kimi, Çinin “Bir kəmər, bir yol” proqramı əsasən dövlət vəsaitləri hesabına maliyyələşdirildiyi halda, G7 ölkələrinin yeni proqramı çərçivəsində investisiyaların əsas hissəsi özəl investorların payına düşəcək. Bundan əlavə, proqram qrantlar və federal fondlar hesabına da maliyyələşdiriləcək.