• Şikayət et

Azərbaycan-Türkiyə birliyinin çağdaş qürurlu səhifəsi

Bu səhifə tarixə məhz Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın liderliyi, dostluğu ilə yazılır

Tarixə nəzər salsaq, bir daha şahidi olarıq ki, eyni kökə malik Türkiyə və Azərbaycan dövlətlərinin münasibətləri heç də rəvan olmayıb. İki qardaş xalqın əlaqələrini üst səviyyəyə daşımaq, bu əlaqələri daha güclü bağlarla möhkəmləndirmək gerçəkləşməyib. Tarixin müəyyən zamanlarına istinad edib, bunun müxtəlif səbəbləri üzərində dayanmaq mümkündür. Fəqət mənzərənin daha aydın olması üçün müstəqilliyini yenidən bərpa edən Azərbaycanın Türkiyə ilə bu dövrdəki münasibətlərinə baxmaq daha düzgün olardı. Bu baxımdan Türkiyənin sabiq baş naziri Binəli Yıldırımın mətbuata verdiyi sonuncu açıqlama iki ölkə arasındakı əlaqələrin haradan- hara gəlib çıxdığı reallığını daha dəqiq şəkildə yada salır:“Vaxtilə Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Prezdent Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O, bu mesajı bütün dünyaya göndərə bildi”.

Binəli Yıldırımın Elçibəyin müsahibələrinin birində vurğuladığı fikri indiki münasibətlər fonunda daha aydın formada gündəmə gətirməsi heç də təsadüfi deyil. Deyilənlər bəlkə də çoxlarına inandırıcı görünməyə bilər, lakin bu, tarixin acı reallığıdır. Kimlərsə təsəvvür belə etmək istəmir ki, vaxtilə Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilməyib. Bunun səbəbləri üzərində dayansaq, hər iki tərəfdə suç tapmaq üçün fikirlər yürütmək mümkündür.

Binəli Yıldırımın fikirlərinə bu günümüzün reallığı ilə yanaşmalı, tarixi unutmamalı və nəticə çıxarmalıyıq. İndi Türkiyə Azərbaycanın, Azərbaycan Türkiyənin yanındadır. 44 günlük Vətən müharibəsində ölkəmizə ən böyük mənəvi dəstəyi Türkiyə verdi, Prezident Ərdoğan qətiyyətli mövqe ortaya qoydu, qardaş ölkənin mətbuatı Azərbaycanın haqq savaşını hər saat, hər qəqiqə gündəmdə saxladı. Ötən il Türkiyədə meşə yanğınları zamanı Azərbaycan hər hansı təklif, müraciət gözləmədən eyni formada, dərhal qardaş ölkənin yanında durdu, problemi özününkü bildi. Son illər belə nümunələr artmaqdadır və beynəlxalq tədbirlərdə də iki qardaş xalqın bir-birinin maraqlarını qoruması ilə bağlı faktlar hamıya məlumdur.

Binəli Yıldırımın açıqlaması ilk növbədə onu isbat edir ki, hər iki dövlətin Liderinin qətiyyəti, cəsarəri və şəxsi münasibətləri əlaqələrin güclənməsində müstəsna rola malikdir. Burada təkcə dövlətlərin qardaş xalq olmaları faktı yetərli deyil. Dünyada nə qədər nümunələr var ki, ayrı-ayrı dövlətlərin xalqları eyni kökdən gəlsələr də münasibətləri ya yaxşı deyil, ya da daha pisdir. Rusiya-Ukrayna arasında baş verənlər bunun ən bariz nümunəsidir...

Hazırda Azərbaycan və Türkiyə münasibətləri tarixdə ilk dəfədir ki, öz hədəfinə çatıb və bütün dünya iki ölkənin simasında əsl qardaşlıq nümunəsini izləməkdədir. İki ölkə arasında eyni soydan, dindən, dildən olan bağlılıq düzgün siyasət nəticəsində siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişaf etdirilərək ən üst məqama daşınıb. Bu BİRLİYİN, BİR olmanın müəllifləri Prezident İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Bu gün təkcə Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsinə qaldırılmayıb. Hər iki Lider qardaş xalqların gələcəkdə hansı yolla, hansı amallarla, hədəflərlə yürüməsi üçün yol xəritəsi ortaya qoymaqda, yeni-yeni nümunələr yaratmaqdadırlar. Bu xüsusda azadlığına qovuşan Şuşada Prezidentlərin imzladığı “Şuşa Bəyannaməsi”nin hər bir bəndi iki qardaş xalqın keçmişini, bu gününü ifadə edən, gələcəkdə hansı hədəflər uğrunda fəaliyyət göstərməyi əks etdirən ən üstün tarixi sənəddir. Ulu öndər Heydər Əliyevin zamanında Türkiyə ilə təməli qoyulan güclü iqtisadi əlaqələr, enerji layihələri ilə bağlılıq sonrakı dönəmdə yeni-yeni layihələrlə inkişaf etdirilib və “Şuşa Bəyannaməsi” kimi tarixi və siyasi çəkisi ölçüyəgəlməz gəlməz olan sənədlə əbədiləşib.

Beləliklə, bu gün Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil. Xoş olmayan prosesləri qürurverici, Türk xalqlarının ruhunu özün qaytaran münasibətlər əvəzləyib. Bu gün meydanda Prezident İlham Əliyev və Prezident Ərdoğanın sayəsində öz taleyi, siyasəti, münasibətləri və s. ilə bağlı özləri qərar verən, maraq və mənafelərini müdafiə etməyi, istənilən təzyiqə müqavimət göstərməyi, gələcəyə birgə yürüməyi bacaran güclü dövlətlər var...

Elman Babayev

visiontv.az

Mənbə:
0
57
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar