• Şikayət et

Kremlin qısqanclığı və paxıllığı...

Son Brüssel görüşündən sonra real sülhə yaxınlaşma istiqamətində sürətli gəlişmələrə Rusiyanın nə kimi münasibət sərgiləməsindən danışarkən bizim ekspertlərin bir çoxu bildirir ki, Rusiya bu prosesi böyük qısqanclıqla qarşılayır, paxıllıq çəkir və Putin prosesə moderatorluq edən Şarl Mişeli özünə çox ciddi rəqib kimi görür.

Çünki Putin lap son günlərə qədər yanlış olaraq elə zənn edirdi ki, şəxsən onun özünün moderatorluğu olmadan Azərbaycanla Ermənistan arasında guya, heç bir sülh flan mümkün deyil və bölgədə sabitlik, əməkdaşlıq da yalnız Rusiyanın vasitəçiliyi ilə baş tuta bilər.

Ancaq usta diplomat Şarl Mişel sonuncu Brüssel görüşündən sonra açıq-aydın surətdə Putinə yerini göstərdi və başa saldı ki, "xeyr, cənab Putin, siz yanılırsınız, sizin sülhə nail olmaq üçün fürsətiniz vardı, lakin siz bunu bacarmadınız. Odur ki, bundan sonra Cənubi Qafqazda sülhün əldə edilməsi prosesi təkcə Rusiyanın monopoliyasında ola bilməz, artıq biz də varıq və biz bu işi daha yaxşı bacararıq".

Və son iki gündə baş verən sürətli proseslərin məntiqi nəticəsi onu göstərir ki, Şarl Mişelin təmsil etdiyi rəsmi Brüssel (Aİ-nin siyasi paytaxtı) sülhyaratma missiyasını həqiqətən də rəsmi Moskvadan daha yaxşı bacarır.

Belə ki, Brüssel görüşündən dərhal sonra (mayın 23-də) həm Ermənistan, həm də Azərbaycan sərhədlərin delimitasiyası üzrə komissiya yaratdı və bunun ardınca bu gün (mayın 24-ü) hər iki ölkənin sözügedən sərhəd komissiyalarının nümayəndələri Ermənistan-Azərbaycan sərhədində görüşüb detallı müzakirələr apardılar, delimitasiya və digər məsələlər üzrə komissiyalar çərçivəsində işləməyə hazır olduqlarını təsdiq etdilər.

Bax, buna deyərlər real iş.

Bəli, bu artıq ilkin real nəticə deməkdir. Və bu nəticəni 44 günlük müharibənin bitməsindən ötən iki ilə yaxın müddət ərzində Putin də əldə edə bilərdi. Lakin Putinin neomperialist təfəkkürü ona mane oldu. Adam iki ilə yaxındır ki, 10 noyabr razılaşmasının icrasını müxtəlif süni vasitələrlə yubadırdı.

Lakin Putin Ukraynaya qarşı başlatdığı işğalçı müharibə ilə özünü də, ölkəsini də "tələ"yə saldı. Və qarşısında güclü Qərbi, toparlanmış NATO-nu, birləşmiş Avropanı gördü.

Artıq 100-cü gününə yaxınlaşmaqda olan Rusiya-Ukrayna müharibəsi dünyanın düzənini, geosiyasi mənzərəsini kökündən dəyişdi və Qərbin, Avropa İttifaqının (Aİ) əlini gücləndirdi.

Və budur, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qərbin siyasi təmsilçisi kimi siyasi səhnəyə çıxıb Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına vasitəçilik üçün qəti mövqeyini, iradəsini ortaya qoyur.

İlkin nəticə də artıq göz qabağındadır.

İndi azərbaycanlı ekspertlərdən fərqli olaraq rusiyalı ekspertlərin bəziləri "xeyr, Brüssel görüşü Moskvada qısqanclıq yaratmır", deyə pərtliklərini gizlətməyə çalışsalar da belə, ancaq əsl həqiqətdə isə onlar da çox istərdilər ki, Moskva bu təşəbbbüsü əldən verməsin.

Lakin nə etməli, günahkar Moskvanın özüdür.

Moskva ötən iki il ərzində tərəflər arasında çox böyük müvəffəqiyyətlə mediatorluq edə bilərdi.

Ancaq etmədi, edə bilmədi, etmək istəmədi. Nə öz "sülhməramlı"larının nəzarəti altında olan Qarabağdan erməni terrorçularını və hərbçilərini çıxarmadı, nə sərhədlərin delimitasiyasına şərait yaratmadı, nə Zəngəzur dəhlizinin açılması üçün iradə ortaya qoymadı, nədəki ikitərəfli sülh danışıqlarına imkan vermədi. İndi də durub qısqanclıq edir.

İmperiya xislətinin nəticəsi bax budur.

P.S.

Yeri gəlmişkən, Şarl Mişel Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ilk görüşünə münasibət bildirib və sosial şəbəkə hesabında bunları yazıb: “Bu gün Ermənistan-Azərbaycan sərhədində dövlətlərarası sərhədin delimitasiyası və vəziyyətin sabitliyinin ən yaxşı şəkildə təmin edilməsi ilə bağlı müzakirələrin aparılması üçün Sərhəd Komissiyasının ilk iclasını səmimiyyətlə qarşılayıram".

Bəybala Mirzəyev

visiontv.az

Mənbə:
0
31
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar