İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 14-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. Hərraca 43 dövlət əmlakı çıxarılıb. Bunlardan 12-si kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 30-u isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri arasında iaşə obyekti, yardımçı təsərrüfat, yun tədarükü məntəqəsi var. Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyətini torpaq sahələri ilə birgə özəlləşdirmək mümkündür. Əmlakların ümumi faydalı sahəsi 16 kvadratmetrlə 9297 kvadratmetr arasında dəyişir.
Nəqliyyat vasitələrinin markaları da müxtəlifdir. Hərraca çıxarılan 30 avtomobilin ilkin start qiyməti 1.500 manatla 6.750 manat arasında dəyişir. İstehsal tarixləri isə 1970-2011-ci illəri əhatə edir.
Tam siyahı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3mmNVpB).
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra – Qayda) 2.0.6-cı yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları), Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla, on beş gün müddətində müəyyən etsin;
2.2. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin;
2.3. vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etsin;
2.4. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat işinin aparılmasını təmin etsin;
2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
3.1. fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş əlavə dəyər vergisinin, Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etsin;
3.2. Qaydanın 5.11-ci bəndində nəzərdə tutulan rəyin formasını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, on beş gün müddətində təsdiq etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 may 2022-ci il
Ermənistanın dövlət borcu 4 il ərzində 2,58 milyard dollar artıb. Yerli mətbuatda yayılan məlumata əsasən, aprel ayında ölkənin dövlət borcunun məbləği 91,3 milyon dollar artaraq ümumilikdə 9,45 milyard dollara çatıb.
Hökumət antiböhran tədbirlərinin həyata keçirilməsi adı altında təkcə 2021-ci ildə dövlət borcunu 1,25 milyard dollar artırıb. Bu ilin ilk dörd 4 ayında isə dövlət borcu 222 milyon dollar artıb.
Bu məbləğin əhəmiyyətli hissəsi Mərkəzi Bank tərəfindən valyuta məzənnəsinin sabitləşməsi üçün istifadə edilib.
Hazırda Ermənistanda adambaşına düşən dövlət borcunun məbləği 3.200 dollara yaxındır. Bununla belə, borcun kəskin artması ümumi daxili məhsulun (ÜDM) proporsional artımına müsbət təsir göstərməyib.
Dörd il ərzində borc məbləğinin 2,45 milyard dolları xərclənsə də, nominal ÜDM artımı 1,6 milyard dollar olub. Orta yoxsulluq səviyyəsi isə gözlənilənlərin əksinə olaraq 27%-ə yüksəlib. Belə çıxır ki, borc ölkənin sosial-iqtisadi problemlərini həll etmək əvəzinə, mövcud problemləri daha da dərinləşdirib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Fransanın İqtisadiyyat, Maliyyə və Dirçəliş Nazirliyinin Baş Xəzinədarlıq İdarəsinin İkitərəfli əlaqələr və biznesin beynəlmiləlləşdirilməsi şöbəsinin müdiri xanım Maqali Sezana ilə görüşüb.
Elnur Əliyev Azərbaycanın Fransa ilə iqtisadi, təhsil və mədəniyyət sahələrində uğurlu əməkdaşlığını qeyd edib, biznes dairələri arasında işgüzar əlaqələri diqqətə çatdırıb. Bildirilib ki, Fransa şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir, bir sıra layihələrin, o cümlədən infrastruktur layihələrinin reallaşmasında iştirak edirlər.
Fransa nümayəndə heyətinə həmçinin, ölkəmizin iqtisadi inkişafının əsas prioritetləri, həyata keçirilən islahatlar, Ələt Azad İqtisadi Zonası, Fransa şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə reallaşdırılan layihələrdə iştirak imkanları barədə məlumat verilib.
Xanım Maqali Sezana ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın regionda etibarlı tərəfdaş, Avropa şirkətləri, eləcə də fransalı iş adamları üçün dayanıqlı və təhlükəsiz biznes mühitinə malik ölkə olduğunu vurğulayıb.
Görüşdə AZPROMO və MEDEF arasında əməkdaşlığın inkişafı, rəqəmsal iqtisadiyyatın inkişafı üzrə təcrübə mübadiləsi, ticarətdə müxtəlif maliyyə mexanizmlərinin tətbiqi və s. məsələlər barədə müzakirələr aparılıb.
“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və dövriyyələrin şəffaflaşdırılması istiqamətində həyata keçirilən islahatlar qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının əhəmiyyətli artımına səbəb olub.
Məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşıb.
Rusiyanın MDB ölkələri vətəndaşlarının pensiya hüququ haqqında sazişdən çıxması indiyədək təyin olunmuş pensiyaların ödənilməsinə təsir göstərməyəcək.
Bu barədə Rusiya hökuməti özünün teleqram kanalında məlumat verib. Rusiya MDB ölkələri vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarının təminatı haqqında sazişin üzvü olan ölkələrin hər biri ilə yeni müqavilələr imzalayacaq. Ölkə sazişdən 2023-cü il yanvarın 1-dən çıxacaq.
Rusiya hökuməti sazişin ləğv edilməsi ilə ölkənin Pensiya Fondunun 2023-2025-ci illərdə 18 milyard rubla yaxın vəsaitə qənaət edəcəyini bildirib.
Qeyd edək ki, MDB ölkələri vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarının təminatı haqqında sazişin iştirakçıları Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Ermənistandır.
Azərbaycan ilə Rusiya arasında bu sahədə ikitərəfli saziş mövcuddur. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” bu ilin aprelində Azərbaycan-Rusiya İqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası çərçivəsində imzalanıb.
Sənədi hər iki ölkənin baş nazirlərinin müavinləri, Komissiyanın həmsədrləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.
“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” iki ölkə arasında pensiya təminatı sahəsində əlaqələri tənzimləyir. Sənəd Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması, qorunması mexanizmlərini müəyyən edir.
Ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ərzaq bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət məqsədilə araşdırmaları davam etdirir.
Araşdırma zamanı istehlak səbətinə daxil olan uzun düyü və qarabaşaq bazarında bir çox təsərrüfat subyektləri tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunub. Bununla əlaqədar Dövlət Xidməti tərəfindən “Babək” firması, “Vuqma-qida” MMC, “Abşeron Treyd” MMC, “Xudafərin-1“ MMC, “Elsaan Group” MMC, “Veysəloğlu” MMC, “Qida XXI” MMC, “Best-Tarım” MMC, “Tamashee Foods” MMC, “Araz Supermarket” MMC, “Al market” MMC, “Sun Food” MMC, “OBA Market” MMC, “Bazarstore” MMC və fiziki şəxs Kərimov İlqar Məmmədhəsən oğluna qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.) yerləşdirilir.
3 ildir həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: "İş yerlərin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 290 min vahid artıb və bu il mayın 1-nə 1 milyon 691,9 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 242,6 min vahid artaraq 782,5 min olub".
Bu sözləri Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.
O bildirib ki, yeni "Əmək və Məşğulluq" altsisteminin istifadəyə verilməsi ilə kadr inzibatçılığı insan resursları ilə əvəz olunacaq. Əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatlar elektron qaydada həyata keçiriləcək.
Davos Dünya İqtisadi Forumu çərçivəsində "Neft və qaz" mövzusunda birgə işçi şam yeməyində regional proseslərin enerji bazarlarına təsiri, təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidin əhəmiyyəti, Azərbaycanda bərpaolunanenerji mənbələrinin yüksək potensialı və yaşıl enerji məkanı prinsiplərinə əsaslanaraq həmin enerjinin iqtisadiyyatın bütün sahələrində istifadəsi imkanları barədə danışdıq. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.
Bəzi mütəxəssislərin qənaətinə görə, hüquqi şəxsin təşkilati hüquqi forması səhmdar cəmiyyətidirsə, avtomatik olaraq ona Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsini tədbiq etmək olar. Yəni səhmdar cəmiyyətinin səhmdarlarına ödənilən dividenddən 10% vergi tutulmamalıdır.
Vergi Məcəlləsinin 102.1.22-ci maddəsində isə göstərilir ki, 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.
Buradan aydın olur ki, emitent tərəfindən investisiya qiymətli kağızlar üzrə ödənilən dividendlər 10% vergidən azaddır. Göründüyü kimi, burada, ümumiyyətlə, səhmdar cəmiyyəti anlayışı yoxdur.
Vergidən azad olmaq üçün aşağıdakılar olmalıdır:
1. Dividendi ödəyən emitent;
2. Dividend adi qaydada yox, investisiya qiymətli kağızları üzrə ödənilməlidir.
Bəs emitent kimdir? İnvestisiya qiymətli kağızları nədir?
“Qiymətli kağızlar bazarı haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən, emitent – investisiya qiymətli kağızlarının emissiyasını bu Qanunun 2-ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyə. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir. Deməli, emitent investisiya qiymətli kağızlarını emissiya edən hüquqi şəxsdir. Həmçinin, emitent təkcə ASC, QSC yox, MMC də ola bilər.
Mülki Məcəllənin 997.1-ci maddəsinə əsasən, qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir. Məcəllənin 997.2-ci madəsində isə göstərilib ki, istiqrazlar və səhmlər investisiya qiymətli kağızlarıdır.
Göründüyü kimi, qiymətli kağızlar çoxdur, investisiya qiymətli kağızları isə iki növdür - istiqrazlar və səhmlər.
Səhmlər ancaq səhmdar cəmiyyətləri tərəfindən emissiya edilə bilər. Yəni səhmlər üzrə təşkilati hüquqi forma Mülki Məcəllə və digər normativ aktlara görə ancaq səhmdar səmiyyətlərində olur. İstiqrazları isə müvafiq qaydada istənilən təşkilati hüquqi formalı hüquqi şəxs buraxa bilər. Odur ki, Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsindəki əməliyyatlar təkcə səhmdar cəmiyyətlərinə aid deyildir.
Ancaq səhmdar cəmiyyəti kimi qeydiyyata alınmış şəxs emitent sayılmır və adi halda 102.1.22.-ci maddə ona tətbiq edilmir.
Səhmdar cəmiyyəti emitent kimi Mərkəzi Bankda qeydiyyata alınandan və müvafiq qaydada milli depozit mərkəzində reyestrə düşəndən sonra ona Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsi tətbiq edilə bilər.
Misal: “AA” QSC qeydiyyata alınmış 100 səhmə malik hüquqi şəxsdir və iki səhmdarı vardır. Səhmdarların hərəsinin payı 50%-dir. QSC emitent kimi 1 aprel 2022-ci ildə qeydiyyata düşüb və depozit mərkəzindən çıxarış alıb. QSC 2020-ci ilin yekunlarına görə 100.000 manat, 2021-ci ilin yekunlarına görə 200.000 manat xalis mənfəət əldə edib.
Səhmdarlar 1 mart 2022-ci ildə qərara alıblar ki, 2020 və 2021-ci ilin xalis mənfəətindən 80.000 manat, 30 aprel 2022-ci ildə isə qərara alıblar ki, 120.000 manat dividend ödəsinlər. Bu zaman vergilər necə hesablanacaq?
QSC emitent kimi 1 aprel 2022-ci ildə qeydiyyata alındığına görə bu tarixə kimi ödənilən bütün dividendlərdən 10% vergi tutulacaq.
80.000x10% = 8.000 manat (vergi məbləği)
80.000-8.000 = 72.000 manat
72.000:2 = 36.000 manat.
Deməli, QSC 1 aprel 2022-ci ilə qədər hər səhmdara 36.000 manat dividend ödəyəcək.
30 aprel 2022-ci ildə ödənilən 120.000 manat dividenddən isə 10% vergi tutulmayacaq və hər bir səhmdara 60.000 manat dividend ödəniləcək:
120.000:2 = 60.000 manat.
Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən beynəlxalq təcrübəyə əsaslanmaqla Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb. Məcəllənin layihəsi müvafiq dövlət qurumlarının müsbət rəyi alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib.
Rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir. Layihədə həmçinin, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə hallarının təfərrüatlı izahı, haqsız rəqabət və onun formaları da əksini tapıb.
"Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti xanım Odil Reno-Basso ilə keçirdiyimiz görüşdə Azərbaycan-AYİB əlaqələri, Bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr və əməkdaşlığımızın perspektivləri barədə danışdıq".
Bu haqda iqtisadiyyat naziri məlumat verib.
Apreldə Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 2,3 milyard ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, qeyd edilən dövrdə Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 181,5 milyon dollar təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdə operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna xüsusi önəm verir. Bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan verib. Belə ki, 2022-ci ilin yanvar-aprel ayları ərzində 107.552 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.
4 aylıq göstəricinin 26.354-ü (24,5%-i) ilkin, 81.198-i (75,5%-i) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel ayları ərzində ilkin qeydiyyat 13,7% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 15.037-i fərdi yaşayış və bağ evi, 26.975-i mənzil, 61.841-i torpaq sahəsi, 1.147-i qeyri-yaşayış binası, 2.261-i qeyri-yaşayış sahəsi, 274-ü əmlak kompleksi, 16-sı çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. Qeyd edək ki, cari ilin yanvar-aprel ayları ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 28.397-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.
Daşınmaz əmlakın ilkin qeydiyyatı-Statistika
Ölkə başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan verib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk 4 ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,8 dəfə artaraq 14.197 olub.
Fərdi yaşayış və bağ evinin ilkin qeydiyyatında da artım müşahidə edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 2022-ci ilin yanvar-aprel ayları ərzində 4,2% artaraq 5.050 olub.
Cari ilin yanvar-aprel ayları ərzində texniki pasportun və ipoteka müqaviləsinin sayı
Cari ilin yanvar-aprel ayları ərzində 84.862 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% artım deməkdir. 2022-ci ilin ilk 4 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 48,6% artaraq 22.101 olub.
Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması dövlətimizin iqtisadi siyasətinin əsas prioritetlərindəndir.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, buna adekvat olaraq qabaqcıl beynəlxalq təcrübəyə uyğun cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması vergi islahatlarının da mühüm istiqamətlərindəndir. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının səmərəliliyinin artırılması, biznes mühitinin sağlamlaşdırılması istiqamətində tədbirlər həm yerli, həm də xarici sahibkarlar üçün əlverişli imkanlar açır.
Ölkəmizdə biznesə başlamaq üçün, sahibkarlıq subyektlərinin qeydiyyatı ilə bağlı müasir mexanizmlər yaradılıb. 2011-ci ildən fiziki, 2012-ci ildən isə hüquqi şəxslərin qeydiyyatı onlayn qaydada aparılır. 2019-cu ildən etibarən isə hüquqi şəxslərin dövlət qeydiyyatı cəmi bir prosedurla – “Mobil nömrə və FİN kod” vasitəsilə, 20 dəqiqə ərzində həyata keçirilir. Elektron qeydiyyat sisteminin təkmilləşməsi nəticəsində sadə qeydiyyat üsulundan istifadə edənlərin sayında əhəmiyyətli artım müşahidə olunub və elektron qeydiyyat genişlənib.
Bu ilin ilk rübündə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 95,1 faiz təşkil edib. Ölkəmizdə vergiödəyicilərinin sayında da davamlı artım qeydə alınır. Elektron qeydiyyatın sərfəli və rahat olması biznes sahəsində aktivlik yaradıb.
Vergi siyasətinin səmərəliliyinin artırılmasında vergi güzəştlərinin də böyük rolu var. Stimullaşdırıcı vergi güzəştlərinin bütün növləri iqtisadi və sosial səmərəliliyinin artırılmasına yardım edir. Biznesə başlayan sahibkarları maraqlandıran əsas məsələlərdən biri də elə budur: sahibkarlıq fəaliyyətinə dəstək verən vergi güzəştləri.
Son dövrlərdə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəticəsində vergi güzəşt və azadolmalarının sayı artıb. Hazırda Vergi Məcəlləsində biznes nümayəndələri üçün 100-dən çox güzəşt və azadolma mövcuddur. Sənaye və texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər 7 il müddətinə mənfəət (gəlir), əmlak və torpaq vergilərindən azad edilib. Bu güzəştlər arasında, həmçinin kiçik orta biznesin klaster şirkətinə, onların iştirakçı şirkətinə, startaplara vergi güzəştlərinin, mikro sahibkarlığa 75 faizlik güzəştin verilməsi və sair məsələlər var. Mikro biznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və əlavə dəyər vergisi (ƏDV) üzrə güzəştlər nəzərdə tutulub. Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən azaddırlar. Həmin şirkətlərin istehsal və emal məqsədilə idxal etdikləri texnoloji avadanlıq və qurğular da 7 il müddətinə ƏDV-dən azad edilib. Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlıq subyektləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdikləri maldan (işdən, xidmətdən) qazanılan gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad olunub. Vergi Məcəlləsinə son dəyişikliklərdə də sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə bağlı məsələlər yer alıb. Belə ki, kitab, dərslik və kağızın idxal və satışı ilə məşğul olanlar, icarəçi sahibkarlar, gəlir və xərclərin uçotunu aparan şəxslərə vergi güzəştinin tətbiq edilməsi, investorlar üçün vergi və maliyyə yükünün azaldılması, hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsi bu tədbirlərin davamıdır.
Azərbaycanda biznes prosedurlarının sadələşdirilməsi, qeydiyyat sistemində innnovativ həllərin tətbiqi və həyata keçirilən vergi islahatları xarici biznes nümayəndələri tərəfindən də yüksək qiymətləndirilir. Avropa şirkətlərinin Azərbaycanda fəaliyyətini və rəylərini əks etdirən “Aİ Biznes Mühiti Hesabatı 2021” sənədində biznes mühitinin ümumi bərpasına dəlalət edən irəliləyişlər barədə nəticələr qeyd edilir. Bildirilir ki, vergi siyasəti üzrə göstəricilərin mülayim artımı davam edir və bu, investorlar tərəfindən “qənaətbəxş” hesab olunur.
Vergi sahəsində islahatların aparılması səyləri də Avropa şirkətlərindən müsbət rəylər almağa davam edir. Respondentlər vergi hesabatlarının verilməsinin vaxtını azaldan və kölgə iqtisadiyyatı ilə mübarizədə mühüm əhəmiyyət kəsb edən Elektron Vergi Sisteminin artan effektivliyini bildirib. Müsahibələr zamanı avropalı investorlar elektron vergi xidmətlərinin kifayət qədər stabil və anlaşıqlı pltaforma kimi təsvir edirlər. Şirkət təmsilçiləri vergi orqanlarının elektron platformada texniki dəqiqləşdirmə və texniki məsələlərin həlli ilə bağlı fərdi müraciətlərə operativ reaksiyasından da razıdır. Ötən ilki nəticə ilə müqayisədə Avropa şirkətlərinin 80 faizi biznes əməliyyatları üçün Azərbaycanı seçməyə hazır olduğunu bəyan edib.
Son illərdə ölkəmizin biznes mühitinin qiymətləndirilməsində iştirak etmiş şirkətlərin əksəriyyəti Azərbaycanda fəaliyyətlərinin artacağını və ya sabit qalacağını bildirirlər. Bu onu göstərir ki, biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar investorların iqtisadiyyatımıza etibarını artırır və onların gələcək fəaliyyət planlarını genişləndirir.
Dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması üçün islahatlar həyata keçirilir.
Bu tədbirlər çərçivəsində Dövlət Vergi Xidməti tərəfindən “Biznesə başlama, vergi və hesabatlılıq sahəsində məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə Kommunikasiya Strategiyası” hazırlanıb. Yeni strategiya Dövlət Vergi Xidmətinin fəaliyyət sahəsinə aid iki istiqamət - biznesə başlama və vergilərin ödənilməsi sahələrində islahatlarla bağlıdır.
Strategiya çərçivəsində vergi və mühasibatlıq sahəsində ixtisaslaşdırılmış ekspertləri İşçi Qrupun işinə cəlb etməklə islahatların dəyərləndirilməsini həyata keçirmək, ekspert cəmiyyətindən təkliflər almaq və onları müzakirəyə çıxarmaq, bu işdə KİV-in və sosial şəbəkələrin imkanlarından istifadə etmək, müxtəlif xarakterli onlayn sorğuların keçirilməsi yolu ilə cəmiyyətin islahatlara münasibətinin və gözləntilərinin müəyyən edilməsinə nail olmaq nəzərdə tutulur.
Beləliklə, vətəndaşlar və özəl sektor vergi siyasətinin formalaşmasında iştirak etmək imkanına malik olacaqlar. Deməli, qarşıdakı dövrdə sahibkarların biznes mühiti barədə təklifləri, bu sahədə mübahisəli məqamların aradan qaldırılması və nəticədə sahibkarların iqtisadiyyatda rolunun artırılması daha təkmil forma alacaq və bu, öz növbəsində biznes mühitinin daha cəlbedici olmasına və iqtisadi aktivliyinin artmasına öz töhfəsini verəcək.
Cari ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 101,7 faiz, 2022-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 117,4 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2022-ci ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 100,6 faiz, 2022-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 106,4 faiz olub.
Azərbaycanın bank sistemi üzrə 2022-ci il aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nəzərən 130 min ədəd artaraq 11 milyon 901 min ədəd təşkil edib. Mərkəzi Bankın hesabatına əsasən, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,2 faiz artıb.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 41 min, kredit kartları 357 min, digər kartlar isə 1,6 milyon ədəd artıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artıb. 2022-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1 milyard 659 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 270 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 387 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. Aprel ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili əməliyyatların 41,1 faizini təşkil edib.
Mərkəzi Bankdan bildirilib ki, keçən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayı 5,9 faiz, POS-terminalların sayı isə 15,1 faiz artıb.
Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunub.
Millət vəkili Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizi yalnız Şərqi Zəngəzur və Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. “Söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türk dövlətlərini strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761,4 milyard dollar, Qazaxıstan 181,7 milyard dollar, Özbəkistan 57,9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8,5 milyard dollar nominal ÜDM-ə malikdir. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək”.
V.Bayramov qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun nəqliyyat qovşaqları mərkəzinə çevirəcək. O, xatırladıb ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına maliyyə dəstəyi göstərir.
“Zəngəzur dəhlizi Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”, - V.Bayramov vurğulayıb.
Ağ Evin Milli İqtisadiyyat Şurasının rəhbəri Brayan Diz bildirib ki, Birləşmiş Ştatlar ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən Çindən gələn mallara tətbiq edilən gömrük rüsumlarının ləğvinin mümkünlüyünü nəzərdən keçirir.
“Bu, fəal şəkildə nəzərdən keçirdiyimiz məsələdir: ABŞ əhalisi, istehlakçılarımız üçün beynəlxalq ticarətdən necə yararlana biləcəyimizə dair daha geniş suala gətirib çıxarır”, - cənab B.Diz CNN telekanalına bildirib.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ilin iyun ayında Çinin “ədalətsiz ticarət metodlarından istifadə etdiyini” səbəb göstərərək 50 milyard dollar dəyərində Çin mallarına 25% rüsum tətbiq etmişdi. Bu ilin mart ayında ABŞ administrasiyası Çindən gətirilən 352 məhsulun 2022-ci ilin sonuna qədər gömrük rüsumlarından azad edilməsi ilə bağlı qərarı bərpa etmişdi.