Siyasət 17:35 22.09.2022

Baydenin Paşinyana məktubu və xortlayan “Dağlıq Qarabağ xalqı” (ŞƏRH)

ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə dəstəyini davam etdirəcək. 

Qaynarinfo Sputnik-Armeniniya-ya istinadən xəbər verir ki, bu barədə prezident Co Baydenin Ermənistanın baş naziri Nikol Paşinyana Müstəqillik Günü münasibətilə təbrik məktubunda deyilir. 

Baydenin məktubunda bildirilir ki, ABŞ Ermənistana demokratiya, suverenlik və təhlükəsizlik məsələsində yardımını davam etdirəcək. Sərhəddəki son toqquşmaya münasibət bildirən ABŞ prezidneti vurğulayıb ki, Ermənistanın qonşularla münasibətlərin nizamlanması üçün diplomatik səylərin ikiqat artırması zəruridir.

O, sərhəddə son gərginlik zamanı itkilərə görə başsağlığı verib. "ABŞ İrəvanın regionda sabitliyin bərqərar olması səylərini yüksək qiymətləndirir. Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla, münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və digər tərəflə işləməyə sadiqik”, deyə Bayden bildirib.

Birləşmiş Ştatlar prezidenti Ermənistanı korrupsiyaya qarşı mübarizədə, demokratik institutların inkişafında, həmçinin qanunun aliliyinin və insan hüquqlarına hörmətin gücləndirilməsində dəstəklədiyini bildirib.

Əlbəttə ki, Baydenin Paşinyana məktubunu "növbətçi addım” adlandırmaq olardı. Lakin Ağ ev rəhbərinin "Dağlıq Qarabağ xalqı” ifadəsinin nəyi ehtiva etdiyini anlamaq çətindir. Münaqişənin mövcud olduğu illərdə ABŞ rəsmiləri tərəfindən dəfələrlə "Dağlıq Qarabağ xalqı” ifadəsi işlədilib və bununla da Xankəndinin münaqişə tərəfi kimi tanınmasına səy göstərilib. Baxmayaraq ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll edilib, lakin Azərbaycan-Ermənistan arasında hələ də ziddiyyətlər mövcuddur, Bayden yenidən "Qarabağ xalqı” ifadəsilə problemi "sıfır variantına” qaytarmaq istəyir. 

Bir qədər əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də Ermənistana səfər etmişdi və onun İrəvanda səsləndirdiyi bəyanatlar heç də sülhün yaradılmasına xidmət etmirdi. Görünən budur ki, Birləşmiş Ştatlarda artıq seçkilərə hazırlıq başlayıb və siyasi dairələr erməni lobbisinin dəstəyinə nail olmaq üçün belə populist addımlar atırlar. 

Lakin təəssüf ki, məsələ yalnız erməni lobbisinin mövcudluğu ilə yekunlaşmır. Problem ondadır ki, bəzi Amerika ideoloqları güclü Azərbaycan qurularsa, onun müstəqil diplomatiya yürüdəcəyini düşünürlər və bu da Vaşinqtona sərf etmir. Birləşmiş Ştatlara vassal rolunu oynayacaq ölkələr lazımdır. Azərbaycan bu rola uyğun gəlmir. Rusiyanın təsir dairəsindən qurtulmaq istəyən Ermənistan isə ABŞ-ın vassallığını qəbul etməyə hazırdır. Lakin Azərbaycan coğrafi şəraitinə, geosiyasi müstəvidəki roluna görə mühüm oyunçudur və Birləşmiş Ştatlar bunu görməzdən gələ bilməz. Vaşinqton heç bir halda Azərbaycanı Ermənistana qurban verə bilməyəcək. Bu, Birləşmiş Ştatların təhlükəsizlik maraqlarına zərbə olardı...

Siyasət şöbəsi