İdman 11:03 04.07.2022

Millimiz İslam Həmrəyliyi Oyunlarına xaricdə hazırlaşacaq

Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını ölkə xaricində davam etdirəcək.
 
Azərbaycan Voleybol Federasiyasından Qaynarinfo-ya verilə məlumata görə Pərviz Səmədovun baş məşqçisi olduğu komanda hazırlığın növbəti mərhələsini Belarusun paytaxtı Minskdə keçəcək. 

Voleybolçularımız səfərə iyulun 9-da yollanacaq. Minskdə komandamızın yerli yığma ilə bir neçə yoxlama matçı da planlaşdırılır. Buradakı hazırlıq iyulun 16-da başa çatacaq. 
 
Komandamız hazırlıqdan sonra Bakıya Belarus yığması ilə birgə qayıdacaq. 2 komanda paytaxtda hazırlıq keçməklə yanaşı, yenidən bir neçə sınaq görüşündə gücünü yoxlayacaq. 

Mayın 15-dən hazırlığa başlayan milli AVRO-2023-ün təsnifat mərhələsində A qrupunda Türkiyə və Danimarka yığmaları ilə mübarizə aparacaq. Millimiz V İslam Həmrəyliyi Oyunlarında isə Sudan, Mərakeş və Kamerun milliləri ilə A qrupunda qüvvəsini sınayacaq.
 
Səbuhi Həsənov