Dünya 13:10 04.07.2022

Pandemiyadan bəri ən böyük Həcc ziyarəti: Səudiyyə ciddi hazırlaşır - İndipendent

Dünya müsəlmanları üçün müqəddəs şəhər olan Məkkə koronavirus pandemiyasından sonra ən böyük Həcc ziyarətinə ev sahibliyi etməyə hazırlaşır.

Qaynarinfo bu barədə "İndipendent"ə istinadən xəbər verir.

Dünyanın hər yerindən ağ geyimli zəvvarlar Məkkə küçələrini doldurub və bu şəhərin meydan və xiyabanlarında qarşılanma lövhələrini görmək olar. Bu arada təhlükəsizlik qüvvələri İslam peyğəmbərinin vətəni olan bu qədim şəhərdə patrul xidməti həyata keçirərək vətəndaşların və səyahətçilərin təhlükəsizliyini təmin etməyə çalışır.

2019-cu ildə Həcc mərasimində təxminən 2,5 milyon insan iştirak edib, lakin növbəti il korona xəstəliyinə görə xarici zəvvarların Səudiyyə Ərəbistanına girişi qadağan edilib və zəvvarların sayı 10 min nəfərlə məhdudlaşdırılıb.

2021-ci ildə tam peyvənd olunmuş 60 min Səudiyyə vətəndaşının Həcc mərasimində iştirakına icazə verilib.

2022-ci ildə yaşı 65-dən aşağı olan bir milyon zəvvarın gigiyena standartlarına tam riayət etməklə Həcc mərasiminə qatılacağı gözlənilir və Səudiyyə rəsmilərinin sözlərinə görə, dini yerlər gündə bir neçə dəfə yuyulub dezinfeksiya edilir. Bu arada, dörd mindən çox kişi və qadın işçi, ən mühüm dini məkanlardan biri olan Məscidül-Haramı gündə 10 dəfə 130 litrdən çox dezinfeksiyaedici vasitə ilə təmizləyəcək. Bundan əlavə, Səudiyyə Ərəbistanında əksər qapalı məkanlarda maskalardan istifadə artıq məcburi olmasa da, koronovirusun mümkün yayılmasının qarşısını almaq üçün Məscidül-haramda məcburi olacaq.

Hər bir zəvvar üçün ən azı beş min dollara başa gələn Həcc mərasiminin keçirilməsi Səudiyyə Ərəbistanının iqtisadi mənbələrindən biri hesab olunur və ilin qalan dövründə dini ayinlər və ziyarətlərlə yanaşı, illik 12 milyard dollar gəlir gətirir bu ölkəyə. Həcc mərasiminin keçirilməsi həm də sürətlə transformasiyaya uğrayan bir ölkənin tərəqqisini göstərmək üçün bir fürsətdir.

Son islahatlardan sonra Ər-Riyadda nəqliyyatın hərəkətinə və Ciddədə qarışıq çimərliklərə icazə verən Səudiyyə Ərəbistanı keçən ildən qadınların kişi qohumunun müşayiəti olmadan Həcc mərasimində iştirakına icazə verir. 

Səudiyyə Ərəbistanının Həcc Nazirliyi fars, rus və türk də daxil olmaqla 14 dildə həcc mərasimləri ilə bağlı təlimatlar, sağlamlıq və təhlükəsizlik tövsiyələri hazırlayıb və bu hərəkətin Səudiyyə Ərəbistanının 2030-cu ilə qədər Həcc ziyarətini asanlaşdırmaq və gücləndirmək vizyonunun məqsədlərinə uyğun olduğunu açıqlayıb. 

M.Arif