Dünya 12:19 23.06.2022

Rusiya hərbçiləri Ukraynada fotoqrafı edam etdi

Ukraynalı fotoqraf Maksim Levin onu müşayiət edən hərbçi Aleksey Çernışovla birlikdə martın 13-də Kiyevin şimalında Rusiya qüvvələri tərəfindən soyuqqanlıqla edam edilib.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Sərhədsiz Reportyorlar Təşkilatının yaydığı 16 səhifəlik hesabatda deyilir

Mətbuat azadlığı qrupu hesabatın girişində yazır ki, "Rusiya qüvvələrinə qarşı sübutlar hədsiz çoxdur".

1981-ci ildə anadan olan Levin sənədli film rejissoru idi və 2013-cü ildən bəri vaxtaşırı Reuters-lə əməkdaşlıq edirdi. 

Sərhədsiz Reportyorlar hadisə yerində olan dəlilləri, o cümlədən güllələri, Levinin yanmış avtomobilini, Levin və Çernışovun cəsədləri tapılan zaman çəkilmiş fotoşəkilləri araşdırdığını bildirib.
Hesabatda deyilir ki, Çernışovun cəsədinin vəziyyəti və digər dəlillər onun diri-diri yandırıldığını, Levinin isə yaxın məsafədən açılan bir və ya iki atəş nəticəsində öldürüldüyünü göstərir. Onun cəsədinin fotosunda üç güllə yeri görünür. 

Ukrayna prokurorluğu deyir ki, Levin Rusiya silahlı qüvvələrinin üzvləri tərəfindən atıcı silahlardan açılan iki atəş nəticəsində öldürülüb.

Nurlan Hüseynov