Hüseynbala Səlimov
Dünya 12:59 04.07.2022

Rusiyanın BMT-də səsi alına bilərmi?

Seyrək şəkildə olsa da, BMT-nin qlobal siyasətdə rolu, onun bu və ya digər siyasi proseslərə təsiri müzakirə olunmaqda davam edir. Bu müzakirələr indi, Rusiya – Ukrayna müharibəsinin davam etdiyi dönəmdə daha çox aktuallıq kəsb edir. Amma əsas problem ondadır ki, birinci soyuq müharibədən sonra dünya qismən dəyişsə də, BMT dəyişmədi, İkinci Dünya müharibəsinin reallıqlarının əsiri olaraq qaldı.

Bu gün təşkilatın daimi üzvlərindən biri suveren dövlətə qarşı təcavüzkar müharibə aparır, amma BMT nəinki bunu dayandıra bilmir, hətta özünün təcavüz haqqında maddələrini hər hansı şəkildə hərəkətə gətirməyi bacarmır.

Biz azərbaycanlılara BMT-ni tanıtmağa ehtiyac yoxdur, biz bu təşkilatdan otuz il bir hərəkət gözlədik, amma nəticəsi olmadı. Dörd qətnamə otuz il kağız olaraq qaldı. Minsk Qrupu otuz il Dağlıq Qarabağ probleminin nizamlanması üçün baza prinsiplər axtardılar, amma bunu "tapa bilmədilər”. Halbuki baza prinsiplər təşkilatın qəbul etdiyi həmin dörd qətnamədə ifadə olunmuşdu.

İndi dünya dövlətləri Rusiyaya qarşı BMT-də sanksiyalar qəbul etməyə, onu hətta səs hüququndan məhrum etməyə çağırırlar. Alınacaqmı? Əfsus! Belə mexanizm yoxdur, çünki BMT Avropa Şurası deyil və bir daha qeyd edirik ki, qurum II Dünya müharibəsinin reallıqlarının əsiri olaraq qalır, hansıların ki, dəfələrlə aradan qaldırılması tələb və təklif olunub, amma bunun bir faydası olmayıb. 

Bəli, beynəlxalq siyasət öz mühafizəkarlığı ilə daim seçilib, BMT məsələsində isə bu, daha qabarıq görünür. İkinci Dünya müharibəsinin qeyd etdiyimiz reallıqları bir tabuya çevrilərək BMT-nin boynundan asılıb, təklif etsələr də, heç kim onların aradan qaldırılması üçün əməli addım ata bilmir, çünki təşkilatın mövcud strukturunda belə mexanizm yoxdur – veto hüququ daimi üzvləri hifz edən tabuya çevrilib.

Ona görə də NATO və Aİ Ukrayna məsələsində daha işlək mexanizmlərdir. Əlbəttə, BMT də müəyyən qərarlar qəbul edə bilər, amma bunlar bilavasitə praktiki nəticələri olan qərarlar deyil, onların olsa-olsa, siyasi nəticələri ola bilər.

Məsələnin absurdluğu ondadır ki, 21-ci əsrdə heç bir ciddi səbəb olmadan suveren dövlətə qarşı müharibə aparılır. İndiyə qədər Kremlin dediyi bəhanələrin heç bir əsası yoxdur. Deyirdilər ki, NATO-nun öz sərhədlərinə doğru genişlənməsini dayandırmaq istəyirlər. Amma onda buyursunlar İsveçə və Finlandiyaya qarşı da müharibə aparsınlar! Bəli, ərz edirdilər ki, Ukrayna bu gün-sabah NATO üzvü olacaq. Amma bu da ağ yalan idi – Alyans üzvləri heç vaxt deməmişdilər ki, Kiyev tezlliklə NATO üzvü olacaq. Ona görə də burada N.Krılovun bir təmsili yada düşür: "güclünün qarşında gücsüz daim günahkardır...”

Ona görə də Ukraynaya qarşı müharibə davam edəcək, BMT də onu tənbəl-tənbəl seyr edəcək. 

Siyasətçilərin və diplomatların bir hissəsi Rusiyaya qarşı sanksiylar tətbiq etməyə, onu hətta səs hüququndan məhrum etməyə çağıracaqlar. Amma bunun bir nəticəsi olmayacaq, ona görə ki, belə bir şey mümkün deyil, bunun üçün hər hansı bir mexanizm yoxdur...

Hüseynbala Səlimov