Siyasət 13:56 04.07.2022

Özbəkistanı kim və niyə qarışdırır? (ŞƏRH)

Qazaxıstanın ardınca indi də Mərkəzi Asiyanın digər dövləti Özbəkistan qarışıqlıq içindədir. Bu ölkədə Prezident Şavkat Mirziyoyevin Konstitusiyada dəyişiklik edərək, Qaraqalpaqıstan Muxtar Respublikasının statusunu ləğv etmək cəhdi həmin bölgədə ciddi etirazlara səbəb olub. Nəticədə qan töküldü. 

Daşkənd iyulun 3-dən avqustun 2-dək bu muxtar qurumda fövqəladə vəziyyət elan edib. Görünən odur ki, Özbəkistana hansısa xarici qüvvə "əl gəzdirib”. 

Qeyd edək ki, bu ilin yanvarında Rusiya Qazaxıstana öz qoşununu yeridən zaman da Moskvanın əlaltısı Belarus Prezidenti Aleksand Lukaşenko Özbəkistanı da anoloji hücumla hədələmişdi. Düzdür, o zaman, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sərt reaksiya ilə cavab vermişdi. Amma bununla belə artıq Özbəkistanın da hədəfdə olduğu birmənalı şəkildə görünməkdə idi.

Belə bir sual yaranır: Özbəkistanı görəsən kim və niyə qarışdırır? 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Özbəkistanda baş verənlər gözlənilən olduğunu deyib:
 
"Proseslər onu göstərir ki, Özbəkistan hədəfdədir. Çox güman ki, bu hədəf də hərbi əməliyyatların keçirilməsinə yönəlmişdi. Özbəkistanın Türkiyə ilə geniş hərbi əməkdaşlıq haqqında müqavilə imzalaması, habelə Moskvanın Ukrayna planları Rusiyanı Özbəkistana hərbi müdaxilədən çəkindirdi. Son nəticədə Özbəkistana münasibətdə hibrid ssenariyə əl atıldı. Hibrid ssenaridə Ukrayna, Moldova, Azərbaycan və Gürcüstan hədəf seçilib. Özbəkistanda söhbət separatizmdən gedir. Digər tərəfdən, istisna etmitəm ki, bu ölkədə Qazaxıstan ssenarisi də özünü göstərəcək”.

Ekspert qeyd edir ki, Özbəkistana Rusiyanın birbaşa müdaxilə imkanı yoxdur:
 
"Qazaxıstandan fərqli olaraq Özbəskistanın KTMT-nin üzvü olmaması səbəbindən Daşkəndə qarşı açıq hərbi müdaxilə imkansızdır. Üstəlik, Özbəkistan rəhbərliyi Tokayevdən fərqli olaraq çətin ki, Rusiyanı kömək üçün dəvət etsin. Bu yalnız o halda ola bilər ki, Prezident Mirziyoyevi kimsə hakimiyyətdən kənarlaşdırsın və Rusiya hakimiyyətə öz adamını gətirsin. Bu texniki baxımdan mümkün olsa da, siyasi reallıq baxımından mümkün deyil”.

Politoloq yaranmış vəziyyətə görə, Özbəkistan hakimiyyətinin özünün də günahkar olduğunu bildirir:
 
"Etiraf edək ki, Özbəkistan hakimiyyətinin özü də düşünülməmiş addım ataraq, ölkənin hədəfdə olduğunu bilə-bilə buna rəvac verdi. Özbəkistanda qaraqalpaqların ayrı-seçkilik problemi olmayıb. Onlar Özbəkistanın tərkibində suveren respublika statusuna malikdirlər. Birdən-birə bu statusu dəyişmək istəyinin nədən qaynaqlandığını söyləmək çətindir. Düşünürəm ki, burada daha çox Prezident üsul-idarəsinin möhkəmləndirilməsindən söhbət gedir. Mirziyayev daha 14 il hakimiyyətdə qalmağı düşünür. Son nəticədə Özbəkistan gəlib özü tələyə düşdü. Qaraqalpaq Muxtar Respublikasının Qazaxıstanla sərhəddə yerləşməsi təhlükəli idi. Qazaxıstanda yanvar hadisələrindən sonra Rusiya təsirinin güclü olduğunu nəzərə alsaq, görünür məhz buna görə də Qaraqalpaq Muxtar Respublikasında fövqəladə vəziyyət tətbiq etməyə, etirazçılara qarşı cəza tətbiqinə üstünlük verdilər. Bu da artıq konfliktin başlanğıcına rəvac verdi”.

Ə. Oruclu başlanan prosesin arxasında kimlərin dayandığı və nəyə görə belə etdiklərini söyləməyin çətin olduğunu söylədi:
 
"Ortada birbaşa sübutlar yoxdur. Rusiya mətbuatı prosesi geniş işıqlandırır. Belə görünür ki, Özbəkistan Rusiyanın hədəfindədir. Çinin reaksiyası sərt olsa da, ünvansız idi. Pekin Qazaxıstanın ardınca Özbəkistanda da sabitliyin pozulduğunu deməklə eyhamı Rusiyaya vurdu. Məqsəd Rusiyanın zəif nöqtəsi olan Mərkəzi Asiyanı nəzarətə götürmək və bununla da özünü həmin zəif nöqtədən qorumaqdır. Şübhəsiz ki, Moskva Çin-Avropa əlaqələrini nəzarət altına almağı düşünür. Amma bunun alınacağı mübahisəlidir. Çünki bölgədə ciddi oyunçular var. Çin və Türkiyə də proseslərə müdaxilə etmək imkanına malikdir. Qazaxıstandakı yanvar hadisəsindən sonra Belarus Prezidentinin Özbəkistanı hədələməsi və Daşkəndin reaksiyası göstərdi ki, sonuncu heç də asanlıqla təslim olmaq niyyətində deyil. Hər halda konflikt başlayıb və onun qızışdırılması kənar qüvvələrdən asılı olacaq. Qaraqalpaqlar Özbəkistan əhalisinin 5-6 faizini təşkil edir. Amma bu muxtar respublikanın ərazisi Özbəkistanın ümumi ərazisinin 40 faizinə qədərdir. Belə bir böyük ərazinin konflikt zonasına çevrilməsi şübhəsiz ki, özlüyündə çox yüksək risk daşıyır. Özbəkistanın bu çətin durumdan çıxıb-çıxmayacağını isə zaman göstərəcək”.

Rüfət Sultan